26.02.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımı şəhidlərinin xatirəsi anıldı.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı abidəsi önünə tər çiçəklər düzdülər.
Anım tədbirində Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi. Lamiyə Qarayeva bildirdi ki, bədnam qonşumuz ermənilər tarixən azərbaycanlılara qarşı dəfələrlə soyqırım aktı həyata keçiriblər. Xocalı soyqırımı ermənilərin törətdiyi vəhşiliklər içində ən dəhşətlisidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366 saylı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin birinci dövründə ermənilərin Qarabağdakı əsassız torpaq iddialarının və cinayət planlarının qarşısı qətiyyətlə alınırdı. Ancaq Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ermənilər yenə öz məkrli siyasətlərini həyata keçirməyə başladılar. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayət 1992-ci il fevral ayının 26-da Xocalıda törədilmişdir.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız Azərbaycan xalqının xilaskar oğlu, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışından sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı Leyla Əliyeva Xocalı soyqırımının tanıdılması istiqamətində mühüm işlər görürlər. Bunun nəticəsi olaraq Xocalı soyqırımı bir çox ölkələrdə, ABŞ-ın 21 ştatında qətliam kimi tanınıb.
Aprel döyüşlərində Ordumuzun şanlı qələbəsi düşmən tapdağında qalan torpaqlarımızı tezliklə azad edəcəyimizə olan inamımızı artırıb. Biz haqq səsimizi Xocalıdan dünyaya çatdırmaq istəyirik.
Xocalı rayon prokuroru Kamran Məmmədov çıxışında Xocalı soyqırımı haqqında aparılan ilkin istintaq prosesi haqqında məlumat verdi. Vurğuladı ki, Xocalı soyqırımı ilə bağlı 39 nəfərin şəxsiyyəti müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri üçün məhkəmələr tərəfindən barələrində həbs qətiimkan tədbiri seçilmiş və həmin şəxslər axtarışa verilmişdir. Əfsuslar olsun ki, cinaəytkarlar hələ də öz layiqli cavablarını almamışdır.
Xocalı rayon sakini, soyqırım şahidi Şükür Bəşirov 26 il əvvəl erməni quldurlarının Xocalıda törətdikləri vəhşiliklərdən danışdı. Son damla qanınadək düşmənlərə qarşı qəhrəmanlıqla mübarizə aparan xocalıların qorxmaz və döyüşkən camaat olduğunu diqqətə çatdırdı. XX əsrin ən dəhşətli soyqırımını yaşamış Xocalı şəhərinə xüsusi status verilməsinin vacibliyini vurğuladı.
Sonra Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, AŞPA və digər qurumlara müraciəti oxundu.
Daha sonra Xocalı rayon məktəblilərinin hazırladıqları “Qisas” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Anım tədbirindən sonra şəhidlərimizin ruhuna ehsan süfrəsi açıldı.